İnsan kapitalının iqtisadi inkişafda rolu: Azərbaycan və seçilmiş keçid iqtisadiyyatları üzrə empirik təhlil

Authors

  • Ülkər İsfəndiyarova Azərbaycan Dövlət İqtisad Universiteti, Zaqatala filialı Author

DOI:

https://doi.org/10.67304/2707-9317/2026-2/137-145

Keywords:

İnsan kapitalı, rəqəmsal transformasiya, iqtisadi inkişaf, innovasiya, elmi-tədqiqat

Abstract

Müasir dövrdə insan amili iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrdən biridir. Təhsil səviyyəsi, sağlamlıq və elmi-tədqiqat iqtisadi artımın davamlılığını müəyyən edən əsas amillər sırasındadır. Xüsusilə keçid iqtisadiyyatlarında insan kapitalının formalaşması və rəqəmsal mühitə uyğunlaşması iqtisadi artım üçün mühüm rol oynayır.

Məqalədə insan kapitalı ilə rəqəmsal transformasiyanın qarşılıqlı təsiri və bu təsirin iqtisadi göstəricilərə necə təsir etdiyi araşdırılır. Tədqiqatın əsas məqsədi Azərbaycan nümunəsində və bir neçə müqayisə üçün seçilmiş ölkələr kontekstində insan faktorunun iqtisadi inkişafdakı rolunu qiymətləndirməkdir. Tədqiqat 2015-2023-cü illəri əhatə edir və Azərbaycan, Gürcüstan, Ukrayna, Qazaxıstan və Belarus dövlətlərinin dataları əsasında aparılmışdır. Təhlil üçün panel məlumatlara əsaslanan iki istiqamətli sabit effektlər modeli tətbiq edilmiş və Azərbaycan üçün əlavə olaraq zaman sırası təhlili aparılmışdır.

Əldə olunan nəticələr göstərir ki, təhsil və səhiyyə göstəriciləri iqtisadi inkişafın əsas determinantlarıdır və Azərbaycanda bu göstəricilər ilə gəlir səviyyəsi arasında müsbət əlaqə aşkar olunmuşdur. Bundan əlavə digər əsas nəticə insan kapitalının təsirinin iqtisadiyyatın struktur xüsusiyyətlərindən asılılığını göstərməsidir. Xüsusilə resursdan asılılıq faktoru və rəqəmsal-innovasiya mühitinin zəif inkişafı insan kapitalının təsirini məhdudlaşdıra bilər.

Digər insan kapitalı elementi olan məşğulluq-əhali nisbəti ilə iqtisadi göstəricilər arasında mənfi əlaqə aşkar olmuşdur. Bu hal resursa əsaslanan iqtisadiyyatların xüsusiyyətləri ilə izah olunur. Adətən belə iqtisadiyyatlarda gəlir səviyyəsi əhalinin məşğulluğundan daha çox xarici əmtəə bazarlarının dinamikası ilə izah olunur. Eyni zamanda, elmi-tədqiqat və inkişaf xərcləri üzrə mənfi əlaqə eyni şəkildə resursa əsaslanan iqtisadiyyat xüsusiyyətləri ilə izah edilir və innovasiyanın real təsirini tam əks etdirmir. Ümumilikdə, tədqiqat göstərir ki, insan faktorunun iqtisadi inkişafdakı rolu onun rəqəmsal bacarıqlar və innovasiya imkanları ilə nə dərəcədə inteqrasiya olunmasından asılıdır.

 

Published

2026-07-28