Standartlaşdırma sistemlərinin institusional analizi: liberallıq-dirijistlik indeksi çərçivəsində qiymətləndirmə
DOI
https://doi.org/10.36719/2519-8149/2026-1/144Açar sözlər
standartlaşdırma, institusional model, Standartlaşdırmanın liberallıq-dirijistlik indeksi (SLDİ)Xülasə
Bu tədqiqatda standartlaşdırmanın iqtisadi sistemdəki rolu institusional yanaşma çərçivəsində təhlil edilərək, onun yalnız iqtisadi inkişafın nəticəsi deyil, eyni zamanda institusional seçimlərin məhsulu olduğu əsaslandırılmışdır. Ənənəvi yanaşmalardan fərqli olaraq, məqalədə standartlaşdırma intensivliyinin ölkələr üzrə fərqlərinin iqtisadi inkişaf səviyyəsi ilə deyil, milli standartlaşdırma sistemlərinin strukturu ilə izah edildiyi göstərilmişdir.
Tədqiqat çərçivəsində müəllif tərəfindən Standartlaşdırmanın liberallıq-dirijistlik indeksi (SLDİ) formalaşdırılmışdır.
39 ölkə üzrə aparılmış empirik təhlil nəticəsində müəyyən edilmişdir ki, standartlaşdırma sistemləri qlobal miqyasda əsasən dirijist xarakter daşıyır və SLDİ göstəriciləri yüksək intervalda cəmlənir. Eyni zamanda, standartlaşdırma intensivliyi ilə iqtisadi inkişaf səviyyəsi arasında əhəmiyyətli statistik əlaqə müşahidə edilmir. Bu isə standartlaşdırmanın iqtisadi inkişafın avtomatik funksiyası olmadığını, daha çox institusional dizayn və siyasət seçimləri ilə müəyyənləşdiyini göstərir.
Tədqiqatın nəticələri göstərir ki, eyni institusional model daxilində belə müxtəlif struktur nəticələr yarana bilər və standart portfelinin faktiki tərkibi standartlaşdırma sisteminin xarakterini müəyyən edən əsas amillərdən biridir. Bu baxımdan, standartlaşdırma iqtisadi siyasətin mühüm aləti kimi çıxış edir və onun effektivliyi institusional quruluşdan birbaşa asılıdır.